[31.01.2009]
Yanvarın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. Komissiyanın üzvü Rövşən İsmayılov referendum üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya ünvanlanmış müraciət barədə məlumat vermişdir. Komissiya üzvünün məlumatına görə, müraciət müəllifi yanvar ayının 21, 23 və 24-də respublikanın ayrı-ayrı bölgələrində (Cəlilabad, Xaçmaz, İsmayıllı, Lənkəran, Neftçala rayonlarında və Sumqayıt şəhərində) adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Azər Nağıyev, Mehman İsmayılov, Namiq Əkbərli, Fəxrəddin Abbas) polis və yerli icra hakimiyyəti orqanları tərəfindən imza toplanmasına maneçilik törədilməsini və imza vərəqələrinin alınıb korlanmasını göstərmiş, Lənkəran və Neftçala rayonlarında baş verənlərlə bağlı müvafiq dairə seçki (referendum) komissiyalarına məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülməməsini iddia etmiş, qanunsuz hərəkətləri törətmiş şəxslər barəsində tədbir görülməsini və korlanmış imza vərəqələrinin əvəzinə yeni imza vərəqələrinin verilməsini xahiş etmişdir. Müraciət Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, göstərilən halların bir qismi (Cəlilabad, Xaçmaz, İsmayıllı rayonlarında və Sumqayıt şəhərində baş verməsi ehtimal edilənlər) Gülağa Aslanlının Mərkəzi Seçki (Referendum) Komissiyasına daxil olmuş 21, 23 və 24 yanvar 2009-cu il tarixli müraciətlərində də öz əksini tapmış, bununla əlaqədar MSK nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırma aparılmış, Komissiyanın iclasında baxılaraq müraciətlər əsassız olduğundan onların təmin edilməməsi barədə qərarlar çıxarılmışdır. Müraciətdə Lənkəran və Neftçala rayonlarında baş verməsi ehtimal olunan hallarla əlaqədar ünvan, yer, vaxt və qanun pozuntusu törətmiş şəxslər barəsində dəqiq məlumatlar göstərilməmiş, habelə araşdırma zamanı ehtimal olunan halların baş verməsi sübuta yetirilməmiş, müvafiq dairə seçki komissiyalarına bunlarla əlaqədar heç bir məlumat və şikayət verilməmişdir. İddia edilən seçki dairələrinin ərazilərində seçici imzalarının toplanmasına yerli icra və polis orqanları tərəfindən maneçilik törədilməsi və imza vərəqələrinin alınaraq korlanması ilə əlaqədar heç bir hal qeydə alınmamışdır. Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Göstərilən halların bir qisminə dair səlahiyyətli orqanın müvafiq qərarları mövcud olduğundan həmin məsələlərə mahiyyəti üzrə eyni qaydada yenidən baxılması mümkün olmamışdır.
Beləliklə, Mərkəzi Seçki Komissiyası müraciət əsassız olduğundan təmin edilməməsi bartədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[30.01.2009]
Yanvarın 30-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Ders Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfir Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və 18 mart 2009-cu ilə təyin edilmiş referendumun hazırlanıb keçrilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə maraqlanmışdır.
Komissiyanın sədri ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında səmimi və səmərəli əməkdaşlığın mövcud olduğunu, bu münasibətlərin inkişaf etdirilməsindən və daha da möhkəmləndirilməsindən məmnunluq duyduğunu bildirmişdir. O, MSK tərəfindən ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə Təqvim Planının təsdiqləndiyini və qurumun bu Plana uyğun olaraq addımlar atdığını qeyd edərək görülən işlər barədə ətraflı məlumat vermişdir.
Qonaq söhbət əsnasında Komissiyanın seçicilər və aşağı seçki komissiyaları üçün hazırladığı maarifləndirmə proqramı barədə məlumat verilməsini xahiş etmişdir. Sədr Komissiyanın referenduma hazırlıqla bağlı genişmiqyaslı maarifləndirmə proqramını həyata keçirdiyini bildirərək həmin proqram barədə ətraflı danışmış və qeyd etmişdir ki, seçicilər üçün “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə uyğun olaraq Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılmış hissələrin müqayisəli mətnini və referendum aktının layihəsini dərc edərək aşağı seçki komissiyalarına vermiş və onların seçicilərə çatdırılmasını tövsiyə etmişdir. M. Pənahov gələcəkdə atılacaq addımlar barədə də səfirə məlumat vermişdir.
Səfir səmimi qəbula görə təşəkkür etmiş və iki ölkə arasındakı tərəfdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu vurğulamışdır.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[29.01.2009]
Yanvarın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Tərəqqi” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra referendum üzrə “Abad kənd” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmasına dair məsələyə baxılmış və həmin təşəbbüs qrupunun qeydə alınmasından imtina edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən daxil olmuş müraciət barədə məlumat verilmiş və bildirilmişdir ki, MSK-da fəaliyyət göstərən hüquqşünaslardan ibarət ekspert qrupu tərəfindən hərtərəfli araşdırma aparılaraq müxtəlif instansiyalara sorğular verilmiş və həmin müraciətdə göstərilənlən faktların öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Müraciət əsassız olduğundan təmin olunmamışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, ABŞ Milli Demokratiya İntitutunun və Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[28.01.2009]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı 18 mart 2009-cu ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) hazırlıq prosesi təsdiq edilmiş Təqvim planı əsasında həyata keçirilir. Hazırda 14 təşəbbüs qrupu referendum üzrə təşviqat qrupu kimi qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edərək imza vərəqələri götürmüş və artıq onlardan ikisi – “Yeni Azərbaycan” və “Şəhər” təşviqat qrupları qeydə alınmışlar. İmza vərəqələrini və digər zəruri sənədləri Komissiyaya təqdim etmiş daha 5 təşəbbüs qrupunun sənədləri isə Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən mütəxəssislərdən ibarət İşçi qrupu tərəfindən diqqətlə yoxlanılır. Dairə seçki komissiyalarına müraciət etmiş 100 minə yaxın təşəbbüsçünü əhatə edən 121 təşəbbüs qrupundan isə 92-si referendum üzrə təşviqat qrupu kimi artıq qeydə alınmışdır. Mərkəzi Seçki Komissiyasına ünvanlanmış çoxsaylı müraciətlərdən aydın olur ki, imzatoplama kampaniyası ölkə vətəndaşlarının diqqət mərkəzindədir. Hazırda təşəbbüs qrupları tərəfindən imzatoplama kampaniyası davam etdirilir və ümumilikdə bu kampaniya qanunun tələblərinə uyğun şəkildə aparılır.
Bu günə kimi Mərkəzi Seçki Komissiyasına respublika Ağsaqqallar Şurasının, Veteranlar Şurasının, Qarabağ müharibəsi veteranları təşkilatlarının müxtəlif rayon şöbələri, şəhid ailələri, ziyalı qrupları, mədəniyyət işçiləri və digər birliklər, həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən 600-dən çox teleqram daxil olmuşdur. Komissiyaya müraciət edənlər Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qarşıdan gələn ümumxalq səsverməsinin keçirilməsini dəstəklədiklərini nümayiş etdirir, bu prosesdə fəal iştirak edəcəklərini, referendum əleyhinə çağırışları pislədiklərini bildirirlər.
Yevlax, Goranboy, İmişli, Qobustan, Qax, Mingəçevir, Oğuz, Ağstafa, Neftçala və digər rayonlardan “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşəbbüs qruplarının onlarla imza toplayan nümayəndələri Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək bildirmişlər ki, imzatoplama kampaniyasında hər hansı bir maneə ilə rastlaşmamalarına baxmayaraq, bir neçə gün çalışsalar da, səyləri boşa çıxmış, seçicilər və hətta yaxın münasibətdə olduqları şəxslər onlara imza verməkdən imtina etmiş və yekunda bu prosesin davam etdirilməsinin perspektivsiz olduğu qənaətinə gələrək onlar imza vərəqələrini geri qaytarmışlar.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Mərkəzi Seçki Komissiyasının İctimai İnformasiya Mərkəzinə, “qaynar xətt”inə, elektron ünvanına daxil olan çoxsaylı müraciətlərdə, həmçinin Ağdaş, Cəlilabad, Lerik, Zərdab, Salyan və digər rayonlardan 400-ə qədər seçicidən daxil olmuş müraciətdə yuxarıda qeyd edilən təşəbbüs qruplarının bəzi imza toplayan şəxsləri tərəfindən seçicilərin aldadılması, qeyri-qanuni yollarla ələ alınması bildirilir. Aldadıldıqlarını sonradan başa düşən seçicilər Mərkəzi Seçki Komissiyasına yazılı müraciətlərində imzalarının etibarsız hesab olunmasını tələb edirlər.
Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının sədri imzatoplama kampaniyasında diqqətli olmalarının vacibliyi barədə Azərbaycan ictimaiyyətinə müraciət etmiş və bu müraciət razılıqla qarşılanaraq müsbət əks-səda doğurmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bir daha referendum üzrə təşəbbüs qruplarına və seçicilərə müraciət edərək onları imza toplayarkən, yaxud imza verərkən seçki qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır, bildirir ki, seçicilərin qeyri-qanuni yollarla ələ alınması hüquqi nəticələr doğurur və belə faktlar qanuni təsdiqini taparsa, bu, toplanmış imzaların etibarsız sayılmasına və təşəbbüs qrupunun qeydə alınmasından imtinaya əsas ola bilər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[27.01.2009]
Yanvarın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Şəhər” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra Komissiya referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun MSK-da məşvərətçi səshüquqlu üzvünün təsdiq edilməsi, səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması barədə qərar çıxarmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Məlumat verilmişdir ki, quruma daxil olunan müraciətlər MSK-da fəaliyyət göstərən hüquqşünaslardan ibarət ekspert qrupu tərəfindən müxtəlif instansiyalara sorğular verilmiş, hərtərəfli araşdırılma aparılmış və nəticədə həmin müraciətlərdə göstərilənlərdən heç biri öz təsdiqini tapmamışdır. Müraciətlər əsassız olduğundan təmin olunmamaları barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ Milli Demokratiya İntitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[24.01.2009]
Yanvarın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Komissiya üzvü Ramiz İbrahimov referendum üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya ünvanlanmış müraciət barədə məlumat vermişdir. Müraciətdə bu ilin yanvar ayının 19-da yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan Oqtay Zeynalovun və Cahangir Əmirxanlının Gəncə şəhər Nizami rayon polis şöbəsinə çağırılaraq onların imza toplamasına polis rəisi tərəfindən maneçilik törədilməsi iddia edilir, həmin şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsi xahiş olunur. Səlahiyyətli nümayəndənin müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, həmin şəxslərin 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhər Nizami rayon polis şöbəsinə dəvət edilmələri referendum üzrə təşviqat qrupunun dəstəklənməsi üçün imza toplamaları ilə əlaqədar olmamışdır. Belə ki, onlar Gəncə şəhəri “Xan Bağı” istirahət parkında yerləşən çayxanalarda vətəndaşlar arasında təşviqat apararaq Fələstin–İsrail münaqişəsi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi məqsədilə İsrail əleyhinə imza toplamaq çağırışları ilə əlaqədar vətəndaşlardan daxil olmuş şikayət ərizələri əsasında polis şöbəsinə dəvət edilmişlər. Beləliklə, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Mərkəzi Seçki Komissiyası əsassız olduğundan həmin müraciətin təmin edilməməsi bartədə qərar çıxarmışdır.
Sonra MSK üzvü Qabil Orucov referendum üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının digər müraciəti barədə məlumat verərək bildirmişdir ki, Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində həmin təşəbbüs qrupunun üzvlərinin imza toplama prosesi zamanı kənd icra nümayəndəsi Əyyar Quliyev, bələdiyyə sədri Rafiq Hacıyev və sahə inspektoru Çingiz Məmmədov tərəfindən imza atmış şəxslərə qarşı təzyiqlər edilməsi iddia olunur və bununla əlaqədar tədbirlər görülməsini xahiş edilir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təzəkənd sakini Şahbaz Qarayev oğlu Bəxtiyar Qarayevə imza vərəqələri verərək vətəndaşlardan imza toplanmasına göstəriş vermişdir. Bəxtiyar Qarayev atasının göstərişi əsasında bir qrup Təzəkənd kənd sakinlərindən atası Şahbaz Qarayevin guya deputat seçilməsi, Üçtəpə icra nümayədəliyinin tərkibindən Təzəkənd kəndinin ayrılaraq ayrı nümayəndəlik yaradılması, sovet vaxtı əmanətə qoyulmuş pulların çıxarılması, həmçinin Qarabağın azad edilməsindən ötəri imza topladığını bildirmişdir. Sonradan aldadıqlarını başa düşən kənd sakinləri öz hüquqlarının pozulmasını iddia edərək kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri və sahə inspektoruna bu barədə məlumat vermişlər. Eyni zamanda həmin imza vermiş vətəndaşlara və müvafiq təşəbbüs qrupunun maraqlarını təmsil edən imza toplayan şəxslərə qarşı hər hansı bir təzyiqlər edilməmişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin müraciəti əsassız olduğundan təmin edilməsin.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[22.01.2009]
Yanvarın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 30 dekabr 2008-ci il və 8 yanvar 2009-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə “Yeni Azərbaycan” təşviqat qruplunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında bəzi normativ xarakterli aktların layihələri təsdiq edilmişdir.
Iclasda seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə də qərar qəbul olunmuşdur.
Bundan əlavə, MSK səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni və formasını təsdiq etmiş, qərara almışdır ki, bildirişlərin sayı 5 000 000 ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[08.01.2009]
Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 13 noyabr 2008-ci il tarixli protokolu təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə təşəbbüs qruplarının təqdim etdikləri imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün işçi qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilmişdir.
MSK vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması ilə bağlı da qərar qəbul etmişdir.
Komissiyanın iclasında bəzi normativ xarakterli aktların layihələri təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 46 saylı Şirvan və 84 saylı Füzuli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti